Hərdən...

in #poeziya3 years ago

Hərdən yad oluram özüm özümə...
Buraxıb əlimdən tutan budağı,
Sıxıram dərdləri özümə sarı
Qorxuram incidər özgə baharı.

Hərdən təsəlliyəm özüm özümə...
Qəlbimi incidən o nadanları,
Unudub,salıram yadıma bir bir
Gözəl sabahları,xoşbəxt anları.

Hərdən dost oluram özüm özümə...
Sağ əlim solumdan möhkəm yapışır,
Sevinc göz yaşları süzülüb bu gün,
Dünənki kədərli yaşa qarışır.

Hərdən qoruyuram özüm özümü...
Ucuz niyyətlərdən,yad baxışlardan,
İçində min hiylə,oyun gizlənən
"Qara" tablolarda "ağ naxışlardan".

Səni çox sevirəm əzizim deyib,
Hərdən sarılıram özüm özümə.
Hər halın gözəldir, doğmadı vallah,
Qoymaram acı söz toxunsun sənə!

Ülviyyə Eyyubova